Siyənəklər dəniz heyvanları və insanlar üçün vacib bir qida mənbəyidir.Aralıq dənizi mətbəxində əhəmiyyətli bir yerə sahib olan bu balıq, dadı və faydaları ilə populyar bir balıq halına gəlmişdir. Əsasən şimal dənizlərində yaşayırlar. Əsasən ölçüləri 30 sm-dir, baş hissəsi kiçik, bədənləri yanlardan basıqdır. Bel hissəsi mavi-yaşıl, qarın hissəsi isə gümüşüdür. Pulcuqları parlaqdır və toxunduqda asanlıqla tökülür. Atlantik okeanının şimal hissəsində yaşayan Atlantik siyənəyi isə, uzunluğu 12-40 sm olan bədəni gümüşü, nazik uzun bədənli bir balıqdır. Bu balıqlar böyük sürülərdə gəzir və planktonla qidalanırlar. Planktonun yerdəyişməsindən asılı olaraq uzun məsafələr qət edirlər. Orta ömürləri 18 ildir. Siyənəklərin bəzi növləri dənizləri tərk etmir, bəzi növləri isə çoxalma vaxtı çaylara gəlir. Hər dişi dibə yaxın sahillərdə 30 minə qədər yumurta qoyur. Şimali Atlantika, La Manş və Şimal dənizlərində hər il yüzlərlə ton ovlanır. Təzə və konservləşdirilmiş şəkildə istehlak olunur. Atlantik okeanında ovlanan balıqlar arasında birinci yeri, Sakit okeanda isə ikinci yeri tutur. İngiltərə, Holland, İrlandiya, Almaniya və Norveç ölkələri siyənək ovlamaqda ön sıralardadır. Siyənək balığı təzə, duzlanmış və hisə verilmiş halda emal və istifadə edilir.